ADO-nun Lənkəran qastroluna qadağa qoyuldu


Azərbaycanın ilk müstəqil teatrı olan ADO-nun (Azərbaycan Dağınıq Oda teatrı) Lənkəran şəhərinə olan qastrol səfərinə qadağa qoyulub. Bu barədə teatrın yaydığı məlumatda deyilir.

“Noyabrın 5-i Lənkəran Gənclər Mərkəzində tamaşalarımız olacaqdı. Mərkəzlə razılığa gəlmişdik, artıq elanlar da yayılmışdı. Qastrola bir gün qalmış bizə Lənkərandan zəng gəldi və bildirdilər ki, Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun adına rəsmi məktub göndərməliyik. Halbuki Lənkəran Gənclər Mərkəzi bundan öncə bizə yer ayırmışdı. Biz rəsmi məktubu göndərsək də cavab mənfi oldu. Dedilər ki, Lənkəranda bütün camaat sizin qastrolunuz haqda danışır. Bunu rəsmiləşdirmək lazımdır. Şəhərdə tədbirlər çox olduğuna görə, sizin səfərinizi məqsədəuyğun hesab etmirik” - deyə teatrın məlumatında qeyd olunur.

Teatr isə bu addımı ADO kollektivinə və tamaşaçılara qarşı hörmətsizlik kimi dəyərləndirir və qastrol səfərinin baş tutması üçün təkrar müraciət edəcəyini vurğulayır.

Qeyd edək ki, ADO 5 ildir fəaliyyət göstərir, klassik ənənələrdən uzaq, çağdaş, modern incəsənət məkanı kimi qəbul olunub. ADO mütəmadi olaraq ölkə xaricində və daxilində səfərlər edir. Bundan əvvəl Biləsuvar və Şəki qastrolları da həyata keçirilib.


65134526_456303914940729_835051606390079
118152727_3116118228506276_7183565482960
Leyla Quliyeva 7.jpg

       

         © ADO Theatre

 

 

Designed by Olga Guliyeva