65134526_456303914940729_835051606390079
IMG_7522.jpg

       

         © ADO Theatre - Collective

 

 

Designed by Olga Guliyeva                   

İki şüşə pivə = Azadlıq

January 17, 2018

 

 

Lənkəran Şəhəri İcra Hakimiyyəti və Lerik Rayonu İcra Hakimiyyəti ADO Teatrının cənuba təyin etmək istədiyi qastrol səfərinin qarşısını almaq istəsə də teatr 9 -12 yanvar tarixlərində sözügedən qastrolu həyata keçirib. Teatrın aktyoru, yazıçı Kamal Aken teatra olunan basqılardan yazıb:

 

Təxminən bir ay olar, gecə yarısını bir Plank zamanı keçmişdi ki, dostumla mağazadan iki şüşə pivə alıb səki boyu ilə içərək addımlayırdıq.  Həmişə insanların sərxoş olma vəziyyətlərini şüuraltı idarə edə bildiklərinə inanmışam, bəzən bir şüşə pivə ilə masa üzərinə çıxıb rəqs edə biləcək qədər sərxoş olsam da, bəzi hallarda isə bir litrə yaxın vodkanın təsiri ilə ciddi iclaslara qatılıb, mühüm qərarlar qəbul etdiyim də olub. Yəni, gün ərzində biz insanlar o qədər monoton bir yaşam tərzinin içində oluruq ki, bir neçə yüz qram spirtə özümüzü təslim edə bilirik, axı özümüz istəyirik bunu, axı yalnız içkili olduğumuz halda küçədə rəqs etsək heç kəs bizə dəli kimi baxmayacaq, amma sırf rəqs etmək istədiyin üçün küçənin ortasında qollarını havaya qaldırsan sənə zillənən baxışlardakı qaşlar düyünlənəcək, hətta səndən uzaqlaşarlar belə.

Bir az getmişdik ki, Elmindən soruşdum:

  • Səncə, bu azadlıq deyil? Heç olmazsa küçədə rahat şəkildə pivə içə bilirik, buna qarışan yoxdu.

Biz özümüzü həmin an o qədər azad hiss edirdik ki, qarşımıza çıxan insanları qucaqlamaq, yüksək səslə qışqırmaq istəyirdik. O da mənim dediyimi təsdiqlədikdən sonra yolumuza davam etməyə başlamışdıq ki, birdən-birə dayanıb bir-birimizin üzünə baxdıq:

  • Səncə, özümüz özümüzü aldatmırıq?

   Azadlıqdan danışırıq axı, sizə iki şüşə pivə ilə özümüzü bu qədər azad hiss etməyimiz ağılsız gələ bilər, biz Fransa, Gürcüstan, İran, Türkiyədə qastrollarda olsaq da,yaşadığımız paytaxtın küçələrində, ölkədaxili rayonlarda tamaşa göstərməyimizə qadağa qoyulan insanlarıq,  əlbəttə iki şüşə pivə ilə özümüzü azad olduğumuza təqlin edəcəyik. Əlbəttə kiçik şeylərdən zövq almağa məcbur edəcəyik özümüzü, axı biz çürük alma yesək, onun çürük hissəsini çeviririk ki, görməyək bunu, amma bilirik bu almanın arxası çürükdü.

 

Bizi o binaya mıxlayan heç teatr da deyil, bizi bir araya yığan güc sevgidi, bəli nə qədər pafoslu səslənsə də heç bir güc hündürlük fobiası olan, sırf ritmik tamaşalardakı rolları əlindən alınmasın deyə ürək aritmiyası olduğunu rejissordan gizlədən adamı dəniz səviyyəsindən 2000 metr hündürlüyə, təhlükəli və dumanlı yollardan ibarət olan ucqar bir kəndə qaldıra bilməz. Bizi bu çətinliklərin öhdəsindən gətirə bilən yeganə güc sevgi və azadlıqdı, bəli, mən hələ bunlardan böyük güc görməmişəm.

 

Mən idarə olunmayan yeganə qüvənnin incəsənət olduğunu da bilirəm, yoxsa bu boyda qurumlar niyə teatrdan qorxsun ki? Təxminən bir neçə ay əvvəl eyni zamanda həm Mədəniyyət və Turizm Nazirliyinə, həm də Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanladıq ki, paytaxt küçələrinin birində performans göstərməyimizə icazə versinlər. Bir müddət sonra nazirlikdən cavab gəldi ki, meriyaya, meriyadan da cavab gəldi ki, nazirliyə müraciət edək. Biz də göndərilən cavabları bir-birinə tikib yenidən adı çəkilən qurumlara yolladıq, hər iki qurum artıq iki aydır ki, məsələ üstündə çalışır və məktuba nə cavab verəcəyini düşünürlər.

 

Yay ayları olardı, sosial şəbəkələrdə bir pantomim aktrisasının həbs olunduğu ilə bağlı məlumat yayılmışdı. Aktrisa küçədə performans göstərdiyi üçün polislər onu “ictimai asayişi pozmaq” adı ilə şöbəyə aparmışdı, bu xəbərdən təxminən iki gün sonra həmin aktrisanı küçədə gördüm, Bakıda üzü pantomim üslubunda qrimlənmiş neçə adam var ki? Görən kimi bildim ki, həmin qızdı, gözü sağ-solda qalmışdı, qorxa-qorxa performansını nümayiş etdirirdi, sona qədər onu izlədim ki, axırda bir nəfər ona qəpik atdı, aktrisa ətrafdakılardan yalvarıcı baxışlarla onu kimin atdığını soruşurdu.  Performansın sonunda ona yaxınlaşdım, ingiliscəm mükəmməl olmadığı üçün çətinliklə bir-birimizi anlayırdıq, adı Piere Statue idi, Serbiyadan gəldiyini, dünya turuna çıxdığını demişdi, çox ölkədə olmasına baxmayaraq, heç bir ölkədə belə bir münasibət görmədiyini, iki gün sonra Bakıdan getməyi planlaşdırdığını vurğuladı. İnsanları üstünə qəpik atan, küçəsində adi performans göstərmək azadlığı olmayan adam niyə qalsın ki, burada?

 

Maraqlıdı, əgər küçə incəsənəti qadağandırsa, yeraltı keçidlərdə hər əlinə gitar alan adamların nə işi var?

Əvvəl Bakı Teatr Sexi vardı, polislərdən gizli, kiçik məhəllələrdə tamaşalar göstərərdi, o da təzyiqlərə tab gətirməyib dağıldı. Guya Azərbaycan çox ciddi ölkədi, ona görə icazə verilmir küçə incəsənətinin inkişafına. Baxmayaraq ki, bütün inkişaf etmiş ölkələrdə küçə incəsənətinə icazə var, dünyanın iqtisadi xəritəsində rəqəmlərlə işarələnmiş ölkədə isə buna qadağa qoyulub.Elə bil bütün beynəlxalq yarış ya oyunların arxasıyca atdana-atdana düşən ölkə deyil e.

 

ADO Teatrına qoyulan qadağalardan danışırdıq axı. Beş il əvvəl bir binanın zirzəmisində 40 kvadratmetrlik yerdə fəaliyyətə başlayanda hamımız hansı çətinliklərlə rastlaşacağımızın fərqində idik. Hazırda yerləşdiyimiz altıncı ünvanımıza qədər gah “burada teatr olmaz” deyib qapını möhürlədilər, gah binanı sökmək adı ilə yerimizdən çıxmağımızı istədilər, gah qonşular narahat oldu deyə çıxmaq məcburiyyətində qaldıq. Məkan problemindən əlavə maliyyə problemləri, dövlət qurumları tərəfindən yaradılan baskılar, beyinlərini sağaltmaq üçün gəncliyimizi qurban verdiyimiz insanların ayrı-ayrılıqda bizə maneə olmaları, xalq artistlərinin əlində mikrofon olan jurnalist görən kimi açıqlama verib bizi təhqir eləmələri, böyüyəndə rejissor və ya aktyor olmaq istəyən 20-25 yaşlarında Azdramada fırlanan ərgənlərin ünvanımıza işlətdiyi ifadələr, Ramiz Məlik, Ağaxan Salmanlı kimi adamların ADO-ya “fahişəxana” demələri bir gün belə olsun bizi yormadı.Tragediya bilirsiniz haradadı? İşlərini heç bir vəchlə ciddiyə ala bilmədiyimiz biri gəlib bizdən iradlar tutur, yol göstərir. Sənin indi nəvələrinlə oynayan vaxtındı, nədi məmurlar kimi yapışmısan gənclərin boğazından? ­Ramiz müəllimin də başı qarışıb başqalarına, çoxdandı yadına düşmürük, ya jurnalistlər ondan açıqlama almaqdan bezib, ya da o danışıb sonra üzr istəməkdən yorulub.

 

Keçən ay Lənkərana qastrol səfəri həyata keçirmək üçün Lənkəran Şəhəri Gənclər Mərkəzi bizə yer ayırmışdı, qastrola çıxmağımıza bir neçə saat qalmış məlumat verdilər ki, icra hakimiyyəti qastrolun qarşısını almaq istəyir. Ümumiyyətlə burada tamaşa göstərmək də qadağandır? Axı buranın mədəniyyət mərkəzi də var, bu həmin mədəniyyət mərkəzidir ki, keçən yay avtostopla ölkə turuna çıxdıqda qarşısında “bərbərlik kursu”, “tibb kursu”, “kompüter kursu” elanını görüb, direktordan bunların mədəniyyət və ya incəsənətlə hansı bağlılığının olduğunu soruşmaq istədim, dedi ki, saç kəsmək özü bir incəsənət və mədəniyyətdir. Boynumdakı PRESS-dən “fraqment.az MMC”-nin sahibi olduğumu görəndə aqressiya nümayiş etdirməyə, daha sonra geyimimə və saçıma ilişməyə başladı. Ümumiyyətlə mən səyahətçi jurnalistəmsə kostyumla gəlməli idim açıqlama almağa? Həm də ki, bərbərlik kursu açılan bir yerdən nə gözləmək olar e?

 

Bütün bu qadağalara rəğmən Lənkəran səfərini həyata keçirdik, kənd adamları bizə qapılarını açıb, evlərində oynamağımıza icazə verdi. Öncədən Lerik rayonu, Veri kənd orta məktəbdə çıxışımıza icazə alsaq da, eynilə Lerik Rayonu İcra Hakimiyyəti bunun qarşısını aldı, bununla da biz yenə geri dönmədik, yağışlı və soyuq havada “UAZ” avtomobilləri ilə qalxmağı çətin və təhlükəli olan, dumanlı yollarla dəniz səviyyəsindən 2000 metr yüksəkliyə qalxıb kənd camaatının bizə ayırdığı evdə performasımızı nümayiş etdirdik. 40-50 nəfərdən çox tamaşaçı gördükdə heyrətimizi gizlədə bilmədik, ən əsas məqam bu idi ki, icra hakimiyyəti heç vaxt teatr görməyən insanların sevincinin qarşısını almaq istəyirdi.

 

Bütün bunları qoyaq kənara, hansı dövlət teatrı bu soyuqda 2000 metr hündürlüyə qalxıb tamaşa nümayiş etdirər? İndiyə kimi cənuba gedən teatrlar ən yaxşı halda Lənkəran Dövlət Dram Teatrında tamaşa göstəriblər, başa düşürəm qalstuklu adamlar həmişə dəbdəbə arzusunda olub, incəsənətdən uzaq adamlar əlbəttə balaca bir evin dəhlizində oynamağı özünə sığışdırmaz. Sadəcə bir cavab istəyirəm, hansı dövlət teatrının aktyorları üst-üstə 2-3 alt paltarı geyinib o dağa qalxardı?

 

Bunları da keçək e, əsas olan sonda yaşadığımız o izaholunmaz hisslər idi. İnsanlar bizə övladları kimi münasibət bəsləyir, bizə sevgilərini nümayiş etdirirdilər. Düzü performans boyu gözüm tamaşaçılarda qalmışdı, səhnədəki aktyorun hər bir jestinə elə içdən gülürdülər ki, mən ilk dəfə idi insanları bütün çılpaqlığı ilə, olduqları kimi görürdüm. Həmin günə qədər özüm qədər kompleksiz adam görməmişdim, amma kənd əhalisi ilə rastlaşdıqda nə qədər saxtakar adam olduğumun fərqinə varmışdım, sən demə komplekssiz olmaq səhnəyə pamperslə çıxmaq, istədiyini yazmaq, küçədə qışqırmaq demək deyilmiş, komplekssiz olmaq əslində heç nədən gizlənmək məcburiyyətinin olmaması imiş, çünki onlar heç nədən çəkinmir, yalnız bir bədənə, bir simaya sahib idilər. Yol boyu onların içdən gülüş səsləri qulağımdan getmir, məsum ifadələrini ağlımdan çıxara bilmirdim. Yəni insanlar bu qədər kompekssiz ola bilər?

 

Ən maraqlısı isə bu idi ki, Lerikdəki performansımızda bir nəfər də olsun qadın yox idi. İranda qadınlar örtüklərini çıxararaq azadlıq üçün inqilab edirlər, burda isə qadınlar tamaşaya belə gedə bilmir.

 

Yol boyu ağlımdakı suallarla birlikdə “yenə Bakıya gedirik” deyə düşünürdüm ki, bütün həvəsim qursağımda qaldı. Dumanın əlindən bir metrdən sonrası görnüməyən yolla dağı endik və qəfəslərimizi cibimizdən çıxardıq, onları yenidən başımıza taxıb Bakıya qayıtdıq.

 

Müəllif: Kamal Aken

                                                                                                                                         

Share on Facebook
Share on Twitter
Please reload