65134526_456303914940729_835051606390079
IMG_7522.jpg

       

         © ADO Theatre - Collective

 

 

Designed by Olga Guliyeva                   

Mədəniyyət və Turizm Nazirliyindən ADO`ya senzura!

March 12, 2018

 

Ölkənin ilk müstəqil teatrı olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) 4 aydan çoxdur ki, küçə tamaşaları etmək üçün Mədəniyyət və Turizm Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə dəfələrlə rəsmi müraciət edib. Nazir Əbülfəs Qarayevin və mer Hacıbala Abutalıbovun adına ünvanlanan rəsmi müraciətlərə bir neçə dəfə eyni qaydalı cavablar gəlib. Nazirlik deyib ki, bu işə meriya baxır, meriya isə deyir ki, bu məsələ nazirliyin səlahiyyətindədir. Lakin sonuncu müraciətdə meriya bildirdi ki, küçə performansına icazə verilməsi üçün nazirliyin rəyi olmalıdır.

 

Ötən gün nazirliyin İncəsənət şöbəsinin müdiri İsmayıl Hüseynov və Teatr şöbəsinin sektor müdiri Naidə İsmayılzadə ADO`ya gəlib, “Hamam” və “Qadın Səsi” performanslarını izləyiblər. Bir neçə gün bundan öncə N.İsmayılzadə performansın birinə “hə”, birinə isə “yox” cavabı verildiyini bildirib: “Biz şifahi olaraq bildiririk ki, “Qadın Səsi” performansını küçədə nümayiş etdirə bilərsiniz. Lakin “Hamam” performansına icazə vermirik. Çünki, aktrisa üstünə su tökəndən sonra paltar bədəninə yapışdı və alt paltarı göründü. Bu performans Bakı üçün deyil. Meriya bizə zəng vursun, şifahi cavabımızı deyək”.

 

Daha sonra ADO nazirlikdən rəsmi cavab tələb edib. N.İsmayılzadə bildirib ki, meriyaya yox, yalnız ADO`ya rəsmi cavab verə bilərlər: “Biz cavabda qeyd edəcəyik ki, “Qadın Səsi” performansının küçədə nümayiş olunmasına etiraz etmirik”. ADO bununla razılaşsa da nazirlik bir həftəyə yaxın məktubu gecikdirib. Daha sonra bildiriblər ki, məktub hazırdır, gəlib götürə bilərsiniz.

 

Bu gün qəbul etdiyimiz rəsmi məktubda isə mənzərə tam başqa olub. Nazirlik aylar öncə yazdığı cavabları təkrarlamalı olub. Məktubda deyilir: “Bu məsələ bizim səlahiyyətimizdə deyil”. Gün ərzində isə nazirlik əməkdaşları İ.Hüseynov və N.İsmayılzadə telefon zənglərimizə cavab verməyib.

 

Biz isə nazirliyin bizə qarşı bu “zarafatını” mədəniyyət nazirinə və bu quruma yaraşdırmırıq. Hesab edirik ki, nazirlik tərəfindən ADO`ya qarşı düşməncəsinə münasibətlərə son qoymaq lazımdır. Bu birbaşa ölkənin imicinə və mədəniyyətin inkişafına zərbədir. Nazirlik və meriya ölkə mədəniyyətinin inkişafı üçün ADO`nun küçə performanslarına icazə verməlidir. 21-ci əsrdə, 2018-ci ildə mədəniyyət sahəsinə cavabdeh olan nazirlik əməkdaşlarının “aktrisanın alt paltarı göründü” bəhanəsi gətirməsi gülünc doğuran bir hadisədir. Belə olan halda mədəniyyət naziri Əbülfəs Qarayev bununla bağlı ya göstəriş verməli, yada vəzifəsindən istefa verməlidir. Əks təqdirdə nazirliyin mədəniyyətə zərbə vuran əməkdaşları ölkə mədəniyyətini gülünc duruma salmaqda davam edəcəklər. Eyni zamanda telefon danışıqlarında, görüşlərdə ADO`ya qarşı düşmən münasibəti sərgiləyən nazirlik əməkdaşları vəzifələrindən uzaqlaşdırlmalıdır. Bunlar artıq göstərir ki, müasir günümüzdə “avropaya inteqrasiya, multukulturalizm” və.s ifadələri yalan və imitasiyadan başqa bir şey deyilmiş. Nazir Əbülfəs Qarayev ADO`nun da qatıldığı, Gürcüstanda keçirilən Avropa İttifaqının forumunda “avqropa və şərq tərəfdaşlığı”ndan danışırdı. Bu gün isə onun rəhbərlik etdiyi nazirlik ölkənin modern və müstəqil teatrına təzyiq və senzura təbiq edir. ADO isə sabahdan etibarən çoxsaylı müraciətlərə start verəcək. Bildirmək istəyirik ki, nazirlik və meriya nəinki ADO`nun, eyni zamanda tamaşaçıların da heysiyyatı ilə oynayır. Çünki çoxsaylı insan neçə aydır ki, bu məsələ ilə bağlı dövlət qurumlarının rəsmi cavabını gözləyir.

 

Bütün baş verənlərlə bağlı ADO ölkə başçısı İlham Əliyevə, Azərbaycan Respublikasının Prezident Administrasiyasına müraciət edəcək.

Share on Facebook
Share on Twitter
Please reload