65134526_456303914940729_835051606390079
IMG_7522.jpg

       

         © ADO Theatre - Collective

 

 

Designed by Olga Guliyeva                   

6 ildə ADO nə edib? – qısa xronologiya

February 7, 2019

 

 

 

2012-ci ildən bir qrup gənc tərəfindən hazırlıq işlərinə başlanılsa da 2013-cü ilin iyul ayının 15-də ADO teatrı rəsmi olaraq aktyor və rejissor Elmin Bədəlov tərəfindən təsis olunub. Teatr fəaliyyətə “Oda” adı ilə başlayıb. Lakin bir müddət sonra “Oda” sözündəki hərfləri tərsinə çevirərək “ADO” (Azərbaycan Dağınıq Oda teatrı) adı ilə fəaliyyətini davam etdirib.

 

Yarandığı gündən modern yol seçən teatr ilk olaraq “Evlənmə” (Qoqol) adlı tamaşası ilə tamaşaçıların görüşünə çıxıb. Elmin Bədəlovun quruluş verdiyi ilk tamaşanı göstərərkən teatrın məkanı olmayıb, gənclər kafelərin birində bu tamaşanı nümayiş etdiriblər. Daha sonra teatr Topçubaşov 38 ünvanında özünə ilk məkanını icarələyib və bu məkanda Rumın dramaturqu Matey Vişnekin “Səncə, döyəcəklər?” pyesi əsasında (rejissoru: İlqar Cahangir) eyniadlı tamaşa təqdim edib.

 

Daha sonra Somerset Moemin “Qisas” adlı hekayəsi əsasında “Xəyali qisas” (rejissoru: Anar Sadıqov) tamaşası hazırlanaraq tamaşaçılara təqdim olundu.

 

Həmçinin Cənnət Səlimovanın quruluşunda olan, Samir Sədaqətoğlunun “İtən vaxt” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa (vaxtilə “Kamera” teatrında nümayiş olunurdu) teatrımızın repertuarına gətirildi.

 

Eyni zamanda İran yazıçısı Pərviz Bəşərdüstün “Arzular Bağı” adlı pyes əsasında (rejissoru: İmam Həsənov) eyniadlı tamaşa hazırlanaraq təqdim olundu.

 

Sien Ekerin əsəri əsasında “Apokalipsis” tamaşası (rejissoru Hacıbaba Məmmədov) da təqdim olunub.

 

8 ay Topçubaşov 38 ünvanında fəaliyyət göstərən teatr maddi çətinliklər üzündən “Zirzəmi” adlandırdığı ilk məkanını tərk etməli olur. 3 ay fəaliyyətsiz qalır. Daha sonra Əlövsət Quliyev 115 ünvanında özünə məkan kirayələyir və fəaliyyətini bərpa edir.

 

Peter Turrininin "Axır ki, qurtardı" əsəri əsasında hazırlanmış “Suicide” (İntihar) tamaşası nümayiş olunub. Monotamaşanın rejissoru İmam Həsənov olub.

 

Üçüncü məkana (Təbriz Xəlilbəyli küç.) köçməli olan teatr yeni tamaşalarını repertuarına əlavə etməyi dayandırmayıb. Teatr adıçəkilən ünvanda 3 ay fəaliyyət göstərib. Daha sonra teatr 4-cü məkanı olan Dilarə Əliyeva 141 ünvanında məskunlaşmalı olur. Elə bu məqamda media nümayəndələri və teatrşünaslar ADO-nu “köçəri teatr” adlandırır.

 

Teatr rusiyalı yazıçı Vasiliy Siqaryovun “İblisin ailəsi” pyesinə müraciət edir və bu pyes əsasında “Bəyaz Şedevr” və yaxud “Al qırmızı səmalar” tamaşasını (rejissoru: Könül Şahbazova) hazırlayıb tamaşaçılara təqdim edir.

 

ADO həmçinin öz ideyası əsasında “MimOda” tamaşasını (rejissoru: İmam Həsənov) hazırlayır və bu tamaşa tamaşaçıların diqqətinə səbəb olur. Bundan sonra başlayan polemikalar teatr mühitində bir canlanma yaradır. Adıçəkilən tamaşa Fransada keçirilən, dünyanın ən məşhur küçə teatr festivalı olan “Oriak” festivalında nümayiş olunur.

 

ADO türkiyəli yazıçı Müzəffər İzgünün “Sərhəd” adlı pyesi əsasında “Tikanlı məftillər” tamaşasını (rejissoru: İmam Həsənov) hazırlayır. Tamaşada insan mənəviyyatının və dostluğun ali dəyər olduğu önə çəkilir.

 

Həmçinin şair və yazıçı Orxan Bahadırsoyun “Suriyalı” romanından parça hazırlanıb. Müəllifin Edqar Allan Po haqqında tarixi mətninə də quruluş verilib, “Sirli dahi” tamaşası nümayiş olunub.

 

Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin “Dilarə Əliyeva 141 ünvanı plana düşüb, söküləcək” formalı xəbərdarlığından sonra teatr 5-ci məkanı olan Bəşir Səfəroğlu 155 ünvanına köçdü. Bir müddət bu məkanda fəaliyyət göstərən teatr yenidən maliyyə problemləri ilə üzləşir və 5-ci məkanını da itirəsi olur. Teatr yenidən 3 ay fəaliyyətsiz qalır. Həmin 3 ayda tamaşalar “Vətən” kinoteatrının zalında nümayiş olunur. Uzun axtarışlardan sonra hazırkı – altıncı məkanı olan Mirzəağa Əliyev 245 ünvanını tapır. Bu ünvanda 2 ildir ki, fəaliyyət göstərir.

 

Teatr bu məkanının açılışını Azərbaycan müasir rəngkarlığının banisi Cavad Mircavadovun həyat yoldaşı, rəssam Lyubov Mircavadovanın sərgisi ilə edir. Sərgidən çıxarış əsasında “Hamam” adlı performans hazırlanıb təqdim olunur. Açılışda fransız cazmen Pierre De Tregoman ilə azərbaycanlı xanəndə Qoçaq Əsgərovun duetindən ibarət konsert də keçirilib. Açılışda iştirak edən Fransanın Azərbaycandakı səfiri, xanım Oreliya Buşez ADO teatrının mədəniyyətə verdiyi müasir düşüncə formalaşması istiqamətindəki addımlarından söz açıb.

 

Teatr “STOP” adlı tamaşasını (müəllif və rejissor: Elmin Bədəlov) hazırlayır. Bu tamaşa ilə teatr öz xəttini tapır və daha da möhkəmləndirmiş olur. Ardınca teatrın rəhbəri Elmin Bədəlovun müəllifi və rejissoru olduğu “Ağ-Qara”, “Gott” və ya “Cənnətin işğalı” adlı tamaşaları hazırlanır. Tamaşaçılar bu tamaşalardan sonra teatrın daha da modernləşdiyini, öz xəttini formalaşdırdığını vurğulamağa başlayırlar.

 

 

Teatrın fransız əsilli aktrisası Elsa Furtado fransız dramaturq Bernar Mari Koltesin “Meşələrin astanasındakı gecə” əsərini “yağış, yağış, yağış” adı ilə səhnələşdirir. Əsərin dilimizə tərcümə olunmasında Fransanın Azərbaycandakı Səfirliyi öz dəstəyini göstərir. ADO həmin əsəri dilimizdə kitab formasında nəşr edir və kitabın təqdimatını da keçirir.

 

Elmin Bədəlovun müəllif və rejissoru olduğu “Göydən 3 banan düşdü” tamaşası 6-cı məkanın ən uğurlu və diqqət çəkən tamaşalarından biri kimi qəbul olunur. Tamaşada nağıllarımızın motivlərindən istifadə olunaraq tamaşaya müasir baxış verilir.

 

“Goethe” İnstitutunun dəstəyi ilə alman dramaturqu Bertolt Brextin “Meşşan toyu” pyesini dilimizə tərcümə edən ADO “TOY” adlı tamaşası ilə (rejissoru: Elsa Furtado) tamaşaçıların qarşısına çıxır.

 

Teatr eyni zamanda öz tamaşalarını bir neçə dəfə ADA Universitetində tələbələrə nümayiş etdirib. Eyni zamanda ADA Universitetinin tələbələrinin iştirakı ilə 2 yeni tamaşa da hazırlayıb. Tamaşalardan birinə “British Council” dəstək verib.

 

Eyni zamanda Azərbaycan Fransa Universitetinin (UFAZ) tələbələri ilə ADO-nun əməkdaşlığı olub və teatr tələbələrin iştirakı ilə tamaşa da hazırlayıb.

 

ADO fəaliyyət dönəmində ölkəmizin regionlarına da səfər edib, ucqar kəndlərdə tamaşa və performanslar nümayiş etdirib. Teatr Biləsuvar rayonuna 2 dəfə səfər edib, Nərimankənd Mədəniyyət Klubunda “Bəyaz Şedevr” və “TOY” tamaşalarını nümayiş etdirib. Şəkidə, Lənkəranda da nümayişlər keçirib. Eyni zamanda Lerik rayonunun ən ucqar kəndlərindən olan Veri adlı kəndində performanslar göstərib, kəndin uşaqları üçün “şar-şou”, hədiyyələr və əyləncə təşkil edib. Yerli qurumların qadağalarına baxmayaraq teatrın adıçəkilən bölgələrdə çıxışları baş tutub.

 

Bundan əlavə teatrın tamaşaları bir neçə dəfə YARAT Müasir İncəsənət mərkəzində nümayiş olunub. Teatrın rəhbəri Elmin Bədəlov YARAT`ın “Teatr klubu”nun yaranması ilə əlaqədar həvəskar aktyorlarla adıçəkilən incəsənət mərkəzinin ilk tamaşası olan “Fırfıra”nı hazırlayıb. Tamaşa məşhur rəssam Oskar Mürillionun YARAT-da nümayiş olunan sərgisindən çıxarış əsasında hazırlanıb.

 

Elmin Bədəlov ötən il yenidən YARAT-a dəvət olunub və rəssamlar Aida Mahmudovanın və Mikelancelo Pistolettonun seçilmiş əsərlərindən ibarət sərgidən çıxarış edərək “Araqarışdıran”, “10 sm” və “Külafirəngi” adlı 3 performans hazırlayır, tamaşaçılara təqdim olunur.

 

Teatr heyəti Fransa, İran, Türkiyə, Rusiya və Gürcüstanda tamaşalar göstərib, görüşlər keçirib. Daha sonra İtaliyanın Venesiya şəhərində keçirilən “İtsliquid” art festivalında ölkəmizi təmsil edib. İranda keçirilən “Təbrizim” küçə teatr festivalında isə ADO`nun tamaşası qalib olur. Bir neçə ay bundan öncə teatr heyəti 3 performansla Rumıniyanın paytaxtı olan Buxarest şəhərində keçirilən BSAF adlı festivala dəvət olur və performanslar incəsənət nümayəndələri, tamaşaçılar tərəfindən maraqla qarşılanır.

 

Teatr Gürcüstan səfərlərinin birində “Cleaner`Lar” (Xidmətçilər) adlı yeni proyektini də təqdim edir. Daha sonra həmin proyekt Bakıda təşkil olunan bir neçə tədbirdə də nümayiş olunur.

 

ADO açıq havada keçirilən “Bakool Art” festivalının dəstəkçi və iştirakçısı da olub. Teatr “Qadın səsi”, “Hamam” və bir neçə performansla çıxış edib.

 

Teatr Polşa dramaturqu Mrojekin “Yay Günü” adlı pyesini Azərbaycan dilinə tərcümə edib. Tamaşanın və digər proyektlərin hazırda məşqləri gedir.

 

ADO`nun müstəqil teatrların yaranmasında da xidməti olub. Teatrın mütəmadi fəaliyyətindən sonra ölkəmizdə bir neçə müstəqil teatr yaranmağa başlayıb.

Aktyor və rejissor Elgün Həmidov “Yer və İnsan” performansı teatrda təqdim olunub, eyni zamanda Veri kəndinə qastrol zamanı nümayiş olunub.

Teatr performansların hazırlanmasını da dəb halına salıb. Eyni zamanda kitab festivalı keçirib, 7 gənc rəssamın işlərindən ibarət “Qırmızı bazar” adlı sərgi təşkil edib, incəsənət nümayəndələri ilə görüşlər keçirib və bir neçə art tədbirlər reallaşdırıb. Teatr ADO.AZ adlı saytı ilə tamaşaçıları mütəmadi olaraq məlumatlandırır, öz tədbirlərindən qısa video və fotolar bölüşür. Teatrın sosial şəbəkədəki rəsmi səhifələrinin isə 20 000-dən çox izləyicisi var. Eyni zamanda minlərlə insan e-mail vasitəsilə abunə olaraq bizim xəbərlərimizi mütəmadi olaraq qəbul edirlər. Teatrın ölkə mediası ilə də əməkdaşlığı sıxdır, dövlət və müstəqil media orqanları, televiziyalar teatrdan reportajlar hazırlayıb, ADO`nun problemlərini hər zaman diqqətdə saxlayıblar.

 

ADO gənc yazıçılara da diqqətini əsirgəmir. Teatrda şeir gecələri, hekayə oxunuşları və yazarların yeni çıxan kitablarının təqdimatı da olur. Həmçinin yazıçılarla oxucuların görüş və müzakirəsi də təşkil olunur.

 

ADO 2 dəfə geniş yubiley tədbiri keçirib. Tədbirlərdən biri YARAT Müasir İncəsənət Mərkəzində, digəri isə Luna Project adlanan məkanda, açıq havada keçirilib. Tədbirlərdə incəsənət nümayəndələrinin iştirakı, çıxışları, küçə rəssamlığı, kitab təqdimatı, musiqiçilərin ifaları, performansların nümayişi baş tutub.

 

Eyni zamanda teatr öz məkanında incəsənət kursları təşkil edib, gənclərin musiqi, rəsm, aktyorluq və.s biliklərə yiyələnməsinə yardımçı olub. Ötən il teatr 3 qrup olmaqla 40-dan çox gəncin pulsuz olaraq aktyorluğun sirlərini öyrənməsinə dəstək olub. Sonda qrup üzvləri ilə tamaşa da hazırlanıb və tamaşaçılara təqdim olunub. Rejissor Gümrah Ömərin kurs üzvləri ilə hazırladığı “Zombi Zona” tamaşası da maraqla qarşılanır.

 

Teatr ötən illərdə bir neçə yardım kompaniyasına da dəstək olub. Belə ki, ağır xəstəliklərdən əziyyət çəkən insanlara, əlilliyi olan şəxslərə öz yardımını əsirgəməyib.

 

Teatrda “ADO kids” də fəaliyyət göstərib. Burada uşaqlara ingilis dilində aktyorluq dərsləri keçirilib və onların iştirakı ilə performanslar hazırlanaraq, nümayiş olunub.

 

Xaricdən ölkəmizə gələn incəsənət nümayəndələrinin teatrda ustad dərsləri də təşkil olunub. Onlardan Laurent Decol, Dimitar Uzunov, Niamh Dowling, Irina Brown və başqalarının adını çəkmək olar. Dimitar Uzunovun ustad dərslərinin yekunu The Land Mark Hotelin “Rotunda” zalında tamaşaçılara təqdim olunub, Fransa İnstititu da tədbirə öz dəstəyini verib.

 

Teatr Avropa İttifaqının Bakıdakı Nümayəndəliyinin təşkil etdiyi “İmagine” festivalına da qatılıb.

 

ADO Teatrında İsveç yazıçısı İda Lindanın “Maşın-Qızın Vəsiyyətnaməsi” kitabının prezentasiyası da olub. İsveçin Bakıdakı səfirliyi də tədbirə dəstək verib və səfirlik nümayəndələri tədbirdə çıxış edərkən ADO teatrının Azərbaycanda müasir incəsənətə verdiyi töhfələri vurğulayıblar.

 

Teatrda rəssam Vüsal Rahimin “My name is Sarah” sərgisi təşkil olunub, sərginin 3 gün nümayişi keçirilib.

 

Teatr “DokuBaku” kinofestivalında filmlərin nümayişi üçün öz məkanını festival iştirakçılarına təqdim edib və festivala dəstəyini göstərib.

 

ADO ART Villa Garikula-da keçirilən “Festi Nova” festivalında “Kərpic” adlı performansı yaradıb. Teatr 2019-cu ildə Malta, Çexiya, Sinqapur və.b ölkələrdə keçiriləcək bir neçə festivala da dəvət alıb. Və.s

 

ADO teatrının bu və ya digər geniş fəaliyyət planı haqda sizə qısa məlumat verməkdən məmnunuq. Teatr gələcək planlarının gerçəkləşdirilməsi üçün hazırkı məkan probleminin həll olunması istiqamətində addımlar atır. ADO-nun daima yaşamağa səbəbləri var.

Share on Facebook
Share on Twitter
Please reload