ADO sosial mediada:

Nazirlik məhkəmədə ADO`ya əsaslandırılmış cavab verəcəyini bildirdi


29 noyabr 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində ADO teatrının Mədəniyyət Nazirliyinə qarşı məhkəmə iclası keçirilib. Prosesə hakim Şəhla Süleymanova sədrlik edib.

Ötən məhkəməyə başında qəfəslə gedən teatr rəhbəri Elmin Bədəlov bu dəfə qollarını bağlayaraq məhkəməyə gedib. E.Bədəlov bununla ölkədə incəsənətə azadlığın verilməməsinə diqqət çəkmək istəyib.

Məhkəmə prosesində Mədəniyyət Nazirliyi də iştirak edib. Nazirlik növbəti həftədə teatrın iddiasına uyğun olaraq rəsmi qaydada ADO`ya əsaslandırılmış cavab sənədi verəcəyini bildirib. Növbəti məhkəmə (yekun da ola bilər) 6 dekabr saat 16:45-də keçiriləcək.

İlk müstəqil teatr olan ADO ( Azərbaycan Dağınıq Oda teatrı) 2 ildən çoxdur ki, küçə performansları nümayiş etdirmək üçün Mədəniyyət Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciətlər edir. Lakin hər iki qurum bunun onların səlahiyyətinə aid olmadığını vurğulayır, nazirlik bu məsələyə meriyanın, meriya isə bu məsələyə nazirliyin baxdığını bildirir.

Teatr bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətini də məhkəməyə verib. Hazırda teatrın hər iki qruma qarşı qaldırdığı məhkəmə prosesləri 1 Saylı Bakı İnzibati - İqtisadi Məhkəməsində keçirilir.