65134526_456303914940729_835051606390079
elmin mehkeme teatr.jpg
Leyla Quliyeva 7.jpg

       

         © ADO Theatre

 

 

Designed by Olga Guliyeva                   

TOY`dan: Pul yazdırmağı unutmayın...

January 26, 2020

 

 

Ötən həftə “ADO” (“Azərbaycan Dağınıq Oda”) teatrının tamaşaçısı oldum. Nəinki tamaşaçı, hətta tamaşanın iştirakçısı da olmaq qismət oldu bu dəfə. Gənc, inadkar, dəli-dolu aktyorlarımız növbəti dəfə Bertolt Brecht`in “Kiçik burjua toyu” pyesinin qəhrəmanlarını canlandırdılar. 

 

Bertolt Brecht (1898-1956) ünlü alman dramaturqu, şairi və rejissorudur. O, XX yüzillik Alman teatrının önəmli isimlərindən olmuş, öz pyesləri vasitəsi ilə “epik teatr” anlayışını səhnəyə gətirmişdir. Müəllifi olduğu “Mann ist Mann” (“Adam Adamdır”), “Die Dreigroschenoper” (“Üç qəpiklik opera”), “Die Mutter” (“Ana”), “Die Rundköpfe und die Spitzköpfe” (“Yuvarlaq başlar, sivri başlar”), “Leben des Galilei” (“Galilei’nin yaşamı”), “Mutter Courage und ihre Kinder” (“Kuraj xala ve uşaqları”), “Der aufhaltsame Aufstieg des Arturo Ui” (“Arturo Ui’nin karyerası”) və başqa pyesləri dünya teatrlarının repertuarında yer almaqdadır. Azərbaycanda ilk dəfə dramaturqun “Mutter Courage und ihre Kinder” (“Kuraj ana ve uşaqları”) pyesi Rus Dram Teatrının səhnəsində Cənnət Səlimova tərəfindən qoyulmuşdur. Həmçinin “Der aufhaltsame Aufstieg des Arturo Ui” (“Arturo Ui’nin karyerası”) Hüseynağa Atakişiyev tərəfindən Şəki Dövlət Dram teatrında, “Mutter Courage und ihre Kinder” (“Kuraj ana ve uşaqları”) Rafiq Əliyev tərəfindən Azərbaycan Dövlət Akademik Milli Dram teatrında səhnələşdirilmişdir. 

 

“Kiçik burjua toyu” B. Brecht`in gənclik illərində yazdığı ilk pyeslərindəndir.  Müasir müstəqil teatr “ADO”nun səhnəsində baş tutmuş tamaşanın rejissoru fransız aktrisası Elsa Furtado`dur. Qeyd edim ki, aktrisa illərlə “ADO”nun əməkdaşı olmuş, səhnəsində çıxış etmiş, tamaşalara quruluş vermişdir. Tamaşanın quruluşçu rəssamı Leyla Quliyeva, almancadan çevirən Aytən Əliyevadır. Aktyorlar:  Elmin Bədəlov (həm də teatrın qurucusudur) Yakob obrazında, Günel İmanova Mariya obrazında, Mamaşa və Papaşa rollarında İskra Tarrant və Elgün Həmidov, Ər və Arvad rollarında Zərif Bəkirova və Ceyhun Zabitli, Cavan oğlan rolunda Kamran Muradlı. 

 

“Toy” evin dəhlizindəki toyqabağı təşviş və qatmaqarışıqlıqdan başladı. Mamaşa köhnə qırıq pianoda Mendelson`un toy marşı`nın akkorlarını döyəcləyərkən Yakob (bəy) gah paltarını, gah kəmərini axtarır, Mamaşa`nı səsləyir, başında duvağ, üzü bəzəkli Mariya (gəlin) təşvişlə ora-bura qaçarkən Papaşa evdəkiləri tələsdirir, qonaqlar isə (yəni tamaşaçılar) çaş-baş halda bir-birinə baxır, özləri də bilmədən mərəkənin iştirakçıları oldu. 

 

Nəhayət, Mamaşa (bəyin anası) musiqinin başını buraxdı, bəylə gəlin hazır vəziyyətdə otaqdan çıxdı, müsafirlər qonaq otağına dəvət olundu və  hamı öz yerini tutdu. Məclisi Papaşa (gəlinin atası) açdı, xoşgəldin dedi.

 

İlk əvvəl məclis sıcaq keçir, hamı bir-birinə xoş sözlər deyir, Mamaşa süfrəyə dadlı yeməklər düzür, Cavan oğlan bəh-bəhlə qədəhlərə şərab süzür, Papaşa həvəslə “maraqlı” hekayələr danışır, hamı Yakobun öz əlləri ilə düz beş ay üstündə zəhmət çəkdiyi mebelləri tərifləyir, bəy gəlini sevir, gəlin də bəyi, bir sözlə - hamı xoşbəxtdir. Fəqət bu yalançı səmimiyyət çox davam edə bilməz. 

 

Hər şey Arvad`ın (gəlinin “rəfiqəsi”) dolabın içinə baxmaq istəyi ilə başladı. Dolabın qapısı açılmadı, ardınca stul sındı, stulun çıxıntısı Cavan oğlan`ın şalvarını cırdı, mebellərin keyfiyyətsiz yapışqanının qoxusu aləmi bürüdü, Papaşa`nın keçmiş anıları önəmini itirdi, Mamaşa`nın dadlı yeməkləri də dadını. 

 

Münasibətlər soyuyanda tək çarə getməkdir. Tamaşanın sonunda Yakob və Mariya tək qalırlar. Toy axşamı məhv olmuş. Mebellər sınıq. İçki tükənmiş, yeməklər də. Bəlkə də onlar bir-birilərini heç sevmirlər. Amma bütün bunları unutmaq olar, ən azından bir gecəlik...

 

Bertolt Brecht`in kiçik burjua sinfinə mənsub insanların “mədəniyyət”, “kültür” çabasını gülüş hədəfinə çevirməsi tamaşanın ilk baxışdan görünən tərəfi idi. Rejissorun sərgiləməyə çalışdığı (xüsusilə L.V.Beethoven`in 7 nömrəli simfoniyasının ikinci hissəsinin müşayətilə oynanılan mizan səhnədə) insanın xisləti, gizli təbiəti və insan münasibətlərinin saxtalığı ideyaları uğurla yerinə yetirilmişdi. Eyni zamanda, Azərbaycan cəmiyyətinin sorunlarına oyunda incə aksentlər verilmişdi (Mamaşa`nın rusdilli olması, Papaşa`nın tamadalığı, tamaşanın sonunda pul yazdırmaq üçün “qız evi”, “oğlan evi” qutuları və s.).

 

Tamaşanı ümumilikdə uğurlu hesab etmək olar. Hər bir əməkdaşın əməyini alqışlamaq lazımdır. Aktyorların kostyumları, səhnənin bəzədilməsi, işıqlandırılması düzgün və yerində idi. Aktyorların enerji ilə, ürəklə rollarını ifa etmələri gözdən yayına bilməzdi. Onların arasında Elmin Bədəlovun ifasını xüsusilə qeyd etmək istərdim. Tamaşanın mühüm tərəfinin musiqi olduğunu düşünürəm. Musiqi teatrın ayrılmaz hissəsidir və onun təsir gücünü artırmaqdadır. Bu tamaşada hazır musiqi nömrələrindən istifadə olunmuşdu. Fəqət orijinal (məxsusi yazılmış) musiqi həm tamaşanı daha maraqlı edərdi, həm də teatr musiqimizin inkişafına təkan olardı. Buna mane olan səbəblərdən biri maliyyədir. Ümid edirik ki, bu məsələ yaxın gələcəkdə öz həllini tapacaqdır. Çünki “ADO”nun doğru yolda, doğru istiqamətdə addımladığı göz önündədir və bu teatr mütləq yaşamalıdır. 

 

Həmişə toyda!

 

P.S. pul yazdırmağı unutmayın.

 

Leyla Əhməd Xan

1 dekabr 2019

Share on Facebook
Share on Twitter
Please reload