"Meşələrin astanasındakı gecə"

April 11, 2020

 

 

Fransız dramaturqu Bernard Mari Koltesin "Meşələrin astanasındakı gecə" əsərindən bir parça təqdim edirik. Adıçəkilən pyes əsasında ADO teatrında "yağış, yağış, yağış" adlı tamaşa da hazırlanıb. Pyesi Azərbaycan dilinə Gülnarə Sadıxova tərcümə edib. Redaktorlar isə Anar Gəraylı və Minaxanım Əsədovadır. ADO adıçəkilən əsərin kitabını Azərbaycan dilində çap edib və kitab mağazalarında satışdadır. Əsərin tərcüməsinə isə Fransanın Bakıdakı Səfirliyi dəstək vermişdir.

 

***

 

Səni görəndə küçənin tinini dönürdün. Möhkəm yağış yağırdı. Saçlarımı, paltarlarımı isladıb, pis günə qoymuşdu. Amma buna rəğmən, mən ürək edib bura gəldim, özümə heç baxmaq belə istəmirəm. Yaxşı olar, qurulanım, özümü qaydaya salmaq üçün aşağı düşüm. Heç olmasa, saçlarımı qurutmalıyam ki, xəstələnməyim. Düşdüm, baxım görüm özümü səliqəyə sala bilərəm, ya yox, amma aşağı həmişəki kimi avaralarla dolu idi. Onlar həmişə saçlarını qurulayır, tərpənmir, mal sürüsü kimi bir yerdə donub qalır, adamın arxasınca boylanırlar. Mən yuxarı ancaq ayaq yoluna getmək üçün qalxdım, paltarlarım da yaş idi, əgər bir yer tapmasam, elə bu vəziyyətdə də burada qalacağam. Tapan kimi əynimdən hər şeyi çıxaracağam. Evimə qayıda bilmərəm, ən azı, bütün gecəni orada qala bilmərəm.

 

Ona görə də sənin küçənin tininə döndüyünü görəndə arxanca qaçdım. Fikirləşdim ki, doğurdan da biz bunu istəyiriksə, yaş paltarımıza və geyimimizə baxmayaraq, bunu kimdənsə xahiş etməyə casarətimiz çatıbsa, onda bir gecəlik otaq tapmağa nə var?! Qoy bütün gecəlik olmasa da, bir neçə saatlıq olsun.

 

Özümə güzgüdə baxmaq istəməsəm də, bu, mümkün deyil: burada hər yerdə - kafelərdə, otellərdə güzgülər var, ona görə də onları indiki kimi arxada saxlamaq lazımdı, əks halda güzgülər sənə baxacaq. Mən həmişə güzgüləri arxamda saxlayıram. Güzgülər sənin arxanca baxır. Öz evimdə də yüzminlərlə güzgü mənə baxır. Onlardan qorunmaq lazımdır. Mən həmişə otellərdə yaşayıram, “evimdə” deyəndə onu avtomatik deyirəm, əslində, oteldən danışıram, çünki mən otelə girəndə üç dəqiqəyə sadə şeylərlə onu özümünküləşdirirəm, heç özüm də bilmirəm bu, necə baş verir, elə bil, həmişə burada yaşamışam. Bu otel otağı mənə o qədər doğma olub ki, adi ailələrin yaşadıqları bütün şəraiti olan mənzillərdən də otel otağı düzəldərdim.

 

Mənə nağıllardakı evciklərdən birini versələr, - meşənin ortasında, içində böyük dirəkləri, sobası olan, heç yerdə görünməmiş yüz min illik köhnə, köntöy mebelləri olan ev - ora girən kimi, o saat ondan otel otağı düzəldərdim. O otel otaqlarından ki, orada özümü evdəki kimi hiss edirəm. Mən bu sobanı, bu dirəkləri, hər şeyi mebellərin arxasında gizlədərdim, hər şeyi dəyişərdim. Mən nağıllardan başqa heç yerdə və heç vaxt görünməmiş bu əşyaları, bu özünəməxsus qədimliyin qoxusunu, ailə abu-havasını, köhnə daşları, qaralmış köhnə taxtaları və bu qocalıq ətrini alt-üst edərdim. Əslində, bunlara görə siz özünüzü yad hiss edirsiniz. Bu əşyalar imkan vermir ki, özünüzü evdəki kimi rahat hiss edəsiniz. Bunları köhnəlik abu-havası ilə bir yerdə dağıdacağam, çünki mən beləyəm. Yad olduğuma baxmayaraq, mənə bunu xatırladan hər şeyə nifrət edirəm. Mənim yad olduğum o saat görünür, mən buralardan deyiləm. Bu, aydın görünür. Ayaq yoluna gedəndən sonra duduşumu yuyanda bu axmaqlar arxamca boylanırlar. Bu bədbəxt fransızlar heç bilmirlər ki, ayaqyoluna gedəndən sonra duduşunu yumaq lazımdır. Bizdə isə bu, köhnə adətdir, mənə bunu atam öyrədib. Bizdə bunu hamı edir. Mən yuyunanda hiss etdim ki, onlar arxamda toplaşıb mənə baxır. Özümü heç o yerə qoymadım, guya doğurdan da fransızca heç nə başa düşmürəm, xariciyəm, onlar isə aralarında danışırdılar: Bu xarici nə edir? O, cinsiyyət orqanını içizdirir? Mən öz işimdə idim, onlar isə bir-birinə səfeh suallar verməyə davam edirdilər: “O” necə su içə bilər? Və xüsusən də: “O” da susuzlaya bilər?

 

Mən işimi bitirəndən sonra bu sürünün ortasından çıxıb, oranı xarici kimi tərk etdim. Sanki onların dediyindən heç nə başa düşmədim. Bu, asan oldu, çünki doğurdan da buralı deyiləm, əslində, bu axmaq fransızlar yanılmırdılar...

Share on Facebook
Share on Twitter
Please reload

65134526_456303914940729_835051606390079
elmin mehkeme teatr.jpg
Leyla Quliyeva 7.jpg

       

         © ADO Theatre

 

 

Designed by Olga Guliyeva